• +998 (91) 435-72-09
  • inja_sanat@mail.ru
  • Furqat st. Tashkent, Uzbekistan.
Mutarjim daftaridan
«Yuxuma girər Qarabağ» – Xasiyyət RÜSTƏM

«Yuxuma girər Qarabağ» – Xasiyyət RÜSTƏM

(Gündəliklər)

 

Bu gün özümə tərcüməçi tapmış kimiyəm…

Hazırda Moskvada yaşayıb-işləyən, azərbaycanlı şair Afaq Şıxlının anası haqqında yazısını oxudum. Sözlər ürəyimi parçaladı… Hisslər ürəyimi sığallayan zamanda, mən ağlayırdım… Bu əzablər ürəyimə ağır gəldi. Sonra başa düşdüm ki, bu yazını sanki mən yazmışam…

 

5 may, 2020

 

Dünən gecədən ürəyim ağrımağa başladı.

Azərbaycanlı dostlarıma yazdığım məktublar hələ də cavabsız qalıb. Feysbuk onların sonuncu dəfə 23 saat əvvəl daxil olduqlarını göstərir… İndi nə etsəm də, əlim heç bir işə yatmır…

 

27 sentyabr, 2020

 

Bu gün qəribə bir səhər oldu

Bu gün qəribə bir səhər oldu… Ağaclar həmişəkindən daha yumşaq olub, quşlar da ağaclar kimiydi… Bu vaxtda birdən sadəcə bunu düşündüm, «Azərbaycan dincdirmi?»

 

28 sentyabr, 2020

 

Bu gün bir azərbaycanlı qız bütün dünyanı ağlatdı…

Televiziya jurnalisti Qarabağla bağlı xəbərləri oxuyub birdən ağladı… Biz də ailəmizlə ağladıq. Axşam saatlarında yazı otağından iki kağızla çıxan ərimin gözləri yaşdan qızarmış və əlində o azərbaycanlı qızına həsr olunmuş bir müddət əvvəl yazılmış şeir vardı…

 

28 sentyabr, 2020

 

Qəzetimiz üçün Azərbaycan tarixi ilə bağlı bir fakt lazım idi. O üzdən dostum Əkbər Qoşalıya məktub yazdım, bu faktın qəzet üçün lazım olduğunu söylədim, mümkün qədər tez cavab verməsini xahiş etdim. Hər dəfə xatırladığımda poçtaya baxıram… 2-3 saat keçdi… 5 saat keçdi… Sakitçilikdirmi? Çünki, hər dəfə məktub yazanda dərhal cavab verən Əkbər Qoşalı bu gün susur. Narahatlığım daha da artdı. Bir müddət gözlədikdən sonra şair dostum İntiqama Yaşara məktub göndərdim, Əkbər Qoşalı haqda soruşdum, çox keçmədən isə İntiqamdan «Əkbər hocam telefonu götürmür, yaxşıdır, inşallah» cavabını aldım. İndi zamanın keçməsi daha da çətinləşdi… Ağlım pandemiya üzərində…

 

30 sentyabr, 2020

 

Səhər açılmazdan da əvvəl poçtumu açdım.

Tanış məktublar arasında Əkbərin adı göründü. Onu tələsik açdım. «Dünən bütün günü komissarlıqda idim, Qarabağ uğrunda müharibəyə getmək üçün qeydiyyatdan keçdim.» Deməli, Vətən müharibəsinin başladığı doğru xəbərdir. Nə cavab yazacağımı bilmirdim. Əllərim titrəyirdi… Azərbaycandakı bütün dostlarım bir-bir gözüm önündən keçdi. Gözlərim komputerin klaviatura düymələrini görə bilmirdi bu zaman…

 

1 oktyabr, 2020

 

Azərbaycan üçün bir şey etmək istəyirəm? Bəs o bir şey nədir? Dostlarıma bir şey söyləyərək təsəlli verməyi, onların yanında olduğumu hiss etmələrini istəyirəm. Bəs, necə, buna necə nail ola bilərəm? Onlara dost olduğumu sübut etmək istəyirəm.

Bu gün ağlıma birdən gələn bu düşüncə məni çox sevindirdi. Bütün dünyadakı şair və yazıçılara müraciət edirəm ki, Azərbaycana səs verin, dəstəkləyin!

Gecə yarısından sonra bir az yuxuya getdim… Qap-qaranlıq bir gecə. Sonsuz sahələr. Bir yerdən güllə səsi gəlir. Üstümdəki əsgərlərin geyindiyi zirehli formadan özümü qopara bilmirəm. Ayağımdakı çəkmələr də ağırlıqdan torpağa batır… Amma ən maraqlısı budur ki, ətrafımda kimsə yox idi və mən qollarımı havaya uzadıb kimisə köməyə çağırırdım. Ancaq nə qədər qışqırsam da səsim çıxmırdı… Bir vaxtı baxdım ki əlimdə bir şüşə var, götürüb içməyə başladım. Ağzımdakı duzlu və acı daddan inildədim, sonra şüşədəki suyun əvəzinə qan olduğunu gördüm! Fəryad qopardım. Və bu yuxudan oyandıqdan sonra uzun zaman özümə gələ bilmədim…

 

3 oktyabr, 2020

 

Allaha şükürlər olsun ki, Azərbaycandan bütün dünyaya adama çox təsəlli verən xoş xəbərlər yayılır. Xüsusilə bu gün Suqovuşonda ucalan Azərbaycan bayrağı insanları o qədər sevindirdi ki, xəyal edə bilmək çətin! Bu gün mən çoxdan arzuladığım və yazılmamış bir şeir yazmış kimi xoşbəxtəm!

 

4 oktyabr, 2020

 

Bu səhər iyirmi məmləkətdə yaşayan iyirmi dostuma məktub yazdım. Amerika, İtaliya, London, İspaniya, Türkiyə, Albaniya, Yaponiya, Vyetnam, Koreya, Rusiya, Moldova, Hindistan, Makedoniya və s… Düzdü, cavablar gələnə qadar bir az narahat oldum. Cavablar bir-bir gəlməyə başladı! Allaha şükür! Oxuyuram, ağlayıram! Bu məktublərda hamı mənim dediyimi təsdiqləyib, Azərbaycana dəstəyini bildirmişdi.

Təşəkkür edirəm, dostlarım! Dünyanın harasında olsa da, yaxşı ki varsınız! Hamınızla qürur duyuram!

Allaha şükür olsun ki, Azərbaycandan yaxşı xəbərlər yayıldı və gözümə dünya görünməyə başladı. Bu gün düşüncəmin harasındasa utanaraq yaşayan həyatın var olduğunu anladım. Buludları hər iki tərəfə itələyib günəş çıxdı… Allaha şükür, bu gün anama özüm zəng edəcəyəm. Çünki bir neçə gündür səhəri anamın qayğıları ilə qarşılayıram. Bacım bəzən zəng edir: «Anam soruşur, bacından soruş, Azərbaycanda sakitçilikdirmi?»

Sakitçilikdir, deyirəm hər gün. Yenə hər şeyin yaxşı olacağını də əlavə edirəm. «Anama internetdən xəbərləri oxusam, inanmayır, ablandan soruş deyir. Nədir bu, Azərbaycan sənindir?», şikayət edir bacım. Mən isə içimdə gülürəm. Azərbaycan da mənimlə gülür. İkimiz də bir-birimizin ovuclarını bərk-bərk sıxırıq…

 

5 oktyabr, 2020

 

Bu gün yenə ağır gün oldu… Bilmirəm, nə ilə ovudacam özümü. Hər halda internet var, hər şeydən xəbərdarıq. Əks təqdirdə insanın bu narahatlıq içində öləcəyi mütləqdir. Azərbaycan Prezidentinə başsağlığı məktubumuzdan sonra başqa ölkələrdəki şair dostlarım da ruhumu dirçəltməyə çalışaraq mənə təsəlli verməyə başladılar. Yaxşı ki, dünyada yaxşı insanlar var. Yaxşı ki, onların hamısı mənim dostlarımdır!

 

10 oktyabr, 2020

 

Londonda kitabım nəşr olundu… Niyə «Rəngli göz yaşları» adı verilib bu kitaba? İngilis tərcüməçim John Farndon da bu adın çox da xoşuna gəlmədiyini söylədi… Ancaq əhəmiyyət vermədim, özümü onun sözünü eşitməyən, daha doğrusu başa düşməyən kimi göstərdim. Çünki bu ad xoşuma gəlmişdi. Bu gün Azərbaycan torpağında başlayan bu vəziyyətə baxıb gözlərində rəngli yaş olan insanları görürəm… Bu da boş şey deyil…

 

11 oktyabr, 2020

 

Sonradan müxtəlif xəbərlər yayılmağa başladı…

Azərbaycanda əsl vətən uğrunda müharibə başlamışdı… İçimdə xoşbəxt olsam da, müharibənin soyuq adından dəhşətə gəlirdim. Daha sürətli… daha sürətli keçsəydi bu dəhşətlər, Qarabağ sahibinə daha tez qaytarılsaydı… Vaxtında qaytarılmayan Qarabağ bu gün zorla qaytarılacaq. Sadəcə insanı həm kədərləndirən, həm də qürurlandıran tək şey — Vətən üçün özünü qurban verməyindədi…

 

12 oktyabr, 2020

 

Telefonum bütün gün susmur…

Gah sms gəlir, gah da zəng olur. Mövzu eyni: Azərbaycanda müharibə başlandımı?

İndi nə olur?

“Nə olacaq, Qarabağ Azərbaycana qayıdacaq? «Məndən soruşurlar, «Döyüşdən imtina edə bilməzlərmi, axı insanlar ölür?».

— Ah, mənim sadə dostum, əlbəttə ola bilərdi… Azərbaycan Prezidenti bunu etməyə çalışdı, amma, onlar başa düşmədilər… Ağlın istifadə edilə biləcəyi yerə silah işlətməyə məcbur etdilər. Özləri bilərlər.

 

15 oktyabr, 2020

 

Bu gün internetdə gördüyüm ilk şey, bir ana oğlunun tabutu önündə getdiyi şəkli idi… Ananın cəsarətini etiraf etsəm də, ürəyim sıxıldı. Allaha şükür ki, Prezidentin növbəti paylaşımından özümə gəldim. İndi mən özümü bir daha müharibədə hiss etdim və  qalib gəlmək əhval-ruhiyyəsi ilə ayağa qalxdım.

 

16 oktyabr, 2020

 

Bu gün internetə girməkdən qorxuram ancaq… Azərbaycanda sakitçilikdirmi? Gecələr yuxuya gedə bilmirəm… Gözlərimi birazca olsa da yumsam qorxuya boyanıram. Güllə səsləri eşidilir… Qaranlıq səma… Qana susayan quşlar gəlib üzümə dəyir. Və qaranlıqda ağır nəfəs alan bir adam görürəm. O eyni zamanda həm Əkbər, həm İntiqam kimi görünür. Öz səsimdən öz-özümə oyanıram qəflətən.

 

17 oktyabr, 2020

 

Bu gün işə getdim… Yolda çoxdan görmədiyim dostlara rast gəldim. Görüşəndə mənə təəssüflə baxdıqlarını hiss etdim… Bu sözsüz ki, Azərbaycanla bağlıdır. Məndən astaca Azərbaycan haqqında soruşur onlar. Və dua edirlər: «Gecə-gündüz Allahdan istəyirik, dua edirik, vətənlərinə qovuşmağı diləyirik.»

Mənim isə gözlərimdən yaş gəlir… Səssizcə geri qayıdıram. Onlarla hal-əhval tutdummu? Sonradan bunu fikirləşirəm…

Bu gün Azərbaycanın müstəqillik günü! Azərbaycanlı dostlarıma səhər təbrik göndərdim. Sonra Azərbaycan Mədəniyyət Mərkəzindəki tədbirə getdim. Düzü, Samir Abbasovu görəndə tanıyammadım. Çox arıqlayıb. Bitib-tükənib. Narahatlıq və fikir yıxıb onu. Dərdləri ilə Vətəndən uzaqda yaşamaq ağır deyilmi? Ona çox yazığım gəldi, göz yaşlarımı gizlədə bilmədim həmin zaman. Evə çatana qədər ağladım. Əsl vətənə necə oğul olmağın gərəkdiyini düşündüm onu gördüyümdə…

 

18 oktyabr, 2020

 

Sübh də açılmır… Əlimdə kitab. Oxuduğum səhifələri yenidən oxuyurum… Yenə həmin vəziyyət. Nəyisə axtarmalıyam. Ancaq yalnız səhəri gözləyirəm. Sanki hər şey səhər öz yerinə düşəcək. Sonra saata baxıram. Tövbə, saat əqrəbləri də bu vaxtda silah kimi görünür, bu yaşıma qədər həç diqqət etməmişəm buna. Nə olursa olsun, sabah Qarabağ mütləq bizimlə olacaq, hər şey öz yerinə düşəcək inşallah…

 

20 oktyabr, 2020

 

Belə çətin günlərə baxmayaraq, Azərbaycanda kitabım çap olundu. Bu gözlənilməz xəbərdən mat qaldım. «Adı Lalə idi o qızın» adlı bu kiçik kitab həmin döyüş başlamazdan bir az əvvəl yazılmışdır. Bəli, təsadüflər təsadüfən baş vermir. Heç bir şey boş yerdən deyil. Belə ağrılı günlərdə belə mənəviyyatı unutmayan, ədəbiyyatı unutmayan insanların qarşısında baş əyirəm. Təşəkkür edirəm, Azərbaycan, təşəkkür edirəm, dostlarım!

 

21 oktyabr, 2020

 

Yenə ağlayıram, yenə?..

Bu qədər göz yaşının haradan gəldiyini heç anlamıram. Yoxsa insan sadəcə göz yaşındən ibarətdir?

Bir gün göz yaşları kimi insanın özü də bitəcək? Bu dünyadan buxarlanacaq yox olacaq? Xeyr, insanı ən çox yeyən şey onun düşünməsidir. Ən maraqlısı isə o düşüncələrin heç kimə görünməməsidir bəlkə. Yavaş-yavaş bitir, tam bitir, bəli… Bəzən hətta düşünüb-düşünüb yolunu da unudursan. Ağaclar arxanca baxır, başından çırpına-çırpına quşlar uçur, onların hamısı narahatdır… Bəzən isə… Mən isə bu günlərdə özümü unutmaq istəyirəm… Kaş özümü unutsaydım! Özümü bir yerə qoysaydım, bir yerdə buraxsaydım özümü…

Məni uçura biləcək səma varmı? Allahın növbəti hədiyyəsindən özümü itirdim.

Bütün ömrünü ədəbiyyata həsr etmiş, Beynəlxalq Babur mükafatı laureatı, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor, doktor, tanınmış tərcüməçi Ramiz Əsgər tərəfindən tərcümə olan bu kitabın özbəkcə-azərbaycanca nəşr olunması məni göyə uçurur.

Nəvaini, Baburu tərcümə edən bu insan bu gün mənim də tərcüməçimdir! Belə deyirəm, gözlərimdən isə yaş axır…

Allaha necə şükür edəcəyimi bilmirəm…

 

22 oktyabr, 2020

 

Bir-iki dəqiqə əvvəl səhər yeməyimizi yedik… Bir şey gətirmək üçün qalxdım və soyuducu açdım… Amma nə götürəcəyimi xatırlamadım, iki-üç dəqiqə elə halda qaldım və döndüm. Geri qayıdıb evdəkilərdən soruşdum. Onlar da çiyinlərini çəkdilər… İki-üç həftədir ki bu cür hadisələr yenilik deyil. Nə edirəm, bilmirəm? Yazdığım kitab da bitməyib. Düşüncələrim qarışıqdır. Qələmi əlimə götürüb, sadəcə baxıram… Qələmin bir şey yazmalı olduğunu unutdum.

 

23 oktyabr, 2020

 

Bu gün Qazaxıstanda kitabım çap olundu. Dostlarım təbrik yazırlar, telefonla təbriklər… Əlbəttə ki, kitabının çıxmağı çox xoşdur. Xüsusilə pandemiyanın bütün dünyanı evdə kilidlədiyi bir vaxtda kitabının istənilən ölkədə çap olunması ruhunuzu bir az havalı edəcək. Bir azərbaycanlı dostum “Yeni kitabınız münasibətilə təbrik edirəm. Uzaqda olsa da bir ovuc işıq görəntək sevindim. İnşallah, ölkənizdə müharibə olmasın, Özbəkistan bayrağı həmişə uca olsun.” Mən interneti bağladım və uzun zaman komputerin klaviaturasına baxıb qaldım. Nə edəcəyimi unutdum.

 

24 oktyabr, 2020

 

Bir şey yazmaqdan qorxuram, sanki əlimdən qan iyi gəlir, yazdığımdan da qan iyi gəlir… On yeddi gündür özümü yaxşı hiss etmirəm… bu köz üzərində gəzmək kimidir. Maraqlıdır ki, yalnız mən, yox, bütün evimdəkilər də çox əzabla yaşayır. Bir-birimizin könlümüzə baxırıq… Xüsusilə ərim müharibə görmüş insan! O müharibə nə olduğunu bilir. Hər gün bir-birimizə təsəlli veririk, «Az qalıb»

«Az qalıb, müharibə bitdikdə Qarabağa gedəcəyik», bizim bu günlərdə tək arzumuz budur.

 

25 oktyabr, 2020

 

Bu gün dostum Əkbər Qoşalının facebookdakı postunu oxudum… Vətəni sevmək barədə Əkbərdən artıq bir şeyi söyləmək çətin… Düzdür, əslində azərbaycanlı dostlarım Qənirə Paşaeva, Almaz Ülvi, Rauf Arifoğlu, Əkbər Qoşalı, Samir Abbosov, Elşən Əzim, Rəsmiyyə Sabir, Arzu Bəğirova, Tural Turan yandılar, bitdilər… Müharibəyə gedənlərdən də daha çox əziyyət çəkdi onlar. Vəziyyətlərini hiss edirəm, təsəvvür edirəm və istər-istəməz yumruqlarım sıxılır, ağladığımı hiss edirəm birdən.

 

26 oktyabr, 2020

Tərcüməçi: Rəhmət Babacan 

Fikr bildirish

Email manzilingiz chop etilmaydi. Majburiy bandlar * bilan belgilangan